Nuh qövmünün uca Allaha iman etməyib kafir olan zadəganları onlara tabe olub, onların ardınca gedənlərə belə dedilər: "Özünün peyğəmbər olduğunu iddia edən bu kimsə sadəcə sizin kimi bir insandan başqa bir şey deyildir. O özünün peyğəmbərlik iddiası ilə sizin üzərinizdə böyüklük və hökmüranlıq etmək istəyir. Əgər Allah bizə bir elçi göndərmək istəsəydi, bu zaman elçini heç də insanlardan deyil, əksinə, mələklərdən bir elçi göndərərdi. Biz heç onun iddia etdiyi bu dini, bizdən öncə gəlib-getmiş ata-babalarımızdan da eşitməmişik.